ELM VƏ TƏHSİL
Sənətkarlıq sahəsində olan ixtisaslara maraq kəskin şəkildə azalıb
Bakı, 22 may, Aysel Azad, AZƏRTAC
Peşə təhsilində sənətkarlıq sahəsində olan ixtisaslar - xalçaçılıq, zərgərlik, nəqqaşlığa maraq kəskin şəkildə azalıb.
Bunu AZƏRTAC-a açıqlamasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib. O bildirib ki, bir çox ixtisaslara zamanın tələbi ilə bağlı müraciətlərin sayı artıb. “Burada informasiya texnologiyaları sahələri üstünlük təşkil edir. Bunlarla yanaşı, əvvəllər kassir, satıcı ixtisası var idi, amma görünən odur ki, onlara da maraq yoxdur. Lakin bir sıra ixtisaslarda rəqəmlər marağın az olduğunu göstərsə də, biz fikirləşirik ki, burada sənaye ilə yaxından işləyib ehiyacla təklifi uzlaşdırmalıyıq. Məsələn, tikinti sahəsinə bir çox rayonlarda müraciət azdır. Fikirləşirik ki, bu istiqamətdə sənaye ilə yanaşı, tikinti şirkəti ilə birlikdə düzgün kommunikasiya aparıb tikinti sahələrinə daha çox tələbə cəlb edə bilərik. Çünki ölkəmizdə böyük tikinti işləri gedir, Qarabağda yenidənqurma işləri aparılır. Bu baxımdan yeni ixtisaslara ehtiyac böyükdür”, - deyə agentliyin direktoru əlavə edib.