İDMAN
Serbiyanın idman naziri: Azərbaycanda mükəmməl idman infrastrukturu mövcuddur
Bakı, 23 aprel, AZƏRTAC
Bakıda gördüklərim məni yaxşı mənada təəccübləndirdi. Burada mükəmməl idman infrastrukturu mövcuddur. Dünyada idmançı və məşqçilər üçün ideal imkanlar yaradan ölkələr azdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan Serbiyanın idman naziri, Bakının “Rabitə” voleybol klubunun sabiq baş məşqçisi Zoran Qayiç deyib.
Bakı Atıcılıq Mərkəzi, Su İdmanı Sarayı, çimərlik idman növləri üzrə arena, həmçinin Milli Gimnastika Arenası ilə tanış olan nazir bildirib ki, bu arenalarda mükəmməl infrastruktur var, onlar funksionallığı ilə seçilir: “Azərbaycan hökumətini idmanın inkişafı istiqamətində gördüyü işlərə görə təbrik edirəm”.
On il əvvəl ölkəmizdə çalışdığını diqqətə çatdıran nazir bildirib ki, o vaxtdan indiyədək böyük irəliləyiş əldə olunub. “Bakı Su İdman Sarayı, Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu kimi möhtəşəm qurğular istifadəyə verilib. Ötən illər ərzində nail olunan inkişaf Azərbaycanın prestiji baxımından da təqdirəlayiqdir. Artıq neçə ildir ölkəniz Formula 1 yarışlarına ev sahibliyi edir. Bu çox önəmli yarışlardan biridir, Azərbaycanın dünya idmanında mövqeyinin yüksək olmasından xəbər verir”, - deyə sabiq baş məşqçisi vurğulayıb.