DÜNYA
Şimali Makedoniyanın ilk qadın Prezidenti vəzifəsinin icrasına başlayıb
Bakı, 13 may, AZƏRTAC
Şimali Makedoniyada mayın 8-də keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələn Qordana Silyanovska Davkova ölkə Prezidenti vəzifəsinin icrasına başlayıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Silyanovska Davkovanın andiçmə mərasimi Şimali Makedoniya Assambleyasında baş tutub. O, çıxışında Makedoniya Prezidenti vəzifəsində düşünülmüş və məsuliyyətli siyasi kurs aparacağını bildirib: “Mən Konstitusiyaya və qanunlara hörmətlə yanaşacağam, Makedoniyanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini müdafiə edəcəyəm”.
Silyanovska Davkova heç bir ayrı-seçkiliyə yol vermədən bütün vətəndaşların prezidenti olacağını vurğulayıb. O, ölkəsində və patriarxatın hələ də davam etdiyi Balkan dövlətlərində qadınların cəmiyyətdə rolunun artırılmasına diqqəti çəkib.
Parlamentin iclasından sonra keçirilən təhvil-təslim mərasimində Silyanovska Davkova keçmiş Prezident Stevo Pendarovski ilə səmimi görüşüb.
Xatırladaq ki, mayın 8-də Şimali Makedoniyada prezident seçkilərinin ikinci turu keçirilib. Daxili Makedoniya İnqilab Təşkilatı - Makedoniya Milli Demokratik İttifaqının (VMRO-DPMNE) dəstəklədiyi Qordana Silyanovska Davkova 64,14 faiz səs toplayıb, Makedoniya Sosial Demokratlar İttifaqı (SDSM) tərəfindən dəstəklənən keçmiş Prezident Stevo Pendarovskiyə isə seçicilərin 29,25 faizi səs verib.