REGİONLAR
Şirvanda “Qarabağ Azərbaycandır!” qısametrajlı filmin təqdimatı olub
Şirvan, 1 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan şəhər Mədəniyyət Mərkəzində “Qarabağ Azərbaycandır!” qısametrajlı filmin təqdimatı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid ailələrinin üzvləri, qazilər, Şirvan şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri və digərlərinin iştirak etdiyi tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Şirvan şəhər Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Vətən müharibəsinə həsr olunmuş silsilə filmlərin çəkilməsinin təqdirəlayiq hal olduğunu vurğulayıb, şanlı tariximizin təbliğ olunmasında, gənc nəslin vətənpərvər ruhda yetişməsində mədəniyyət müəssisələrinin əhəmiyyətli rolundan söz açıb.
Filmin rejissoru Elşən İsmayıl çıxışında ekran əsəri haqqında iştirakçılara məlumat verib, göstərdiyi dəstəyə görə Sabirabad Regional Mədəniyyət İdarəsinə minnətdarlığını bildirib.
Sonra “Qarabağ Azərbaycandır!” qısametrajlı film nümayiş olunub.
Filmin nümayişindən sonra Vətən müharibəsi qazisi, “Qarabağ Azərbaycandır!” qısametrajlı filminin aktyor heyətində yer alan Nəsrəddin Abışov çıxış edərək keçdiyi döyüş yolundan təsirli məqamları iştirakçılarla bölüşüb.
Daha sonra Elşən İsmayıl və filmin aktyor heyəti fəxri fərmanla təltif olunub.
Qeyd edək ki, Sabirabad Regional Mədəniyyət İdarəsinin dəstəyi və Şirvan şəhər Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Vətən müharibəsinə həsr olunmuş daha 2 film - “Qazi” və “Tarın sirri” qısametrajlı filmləri də çəkilib. Həmin filmlərin sosial şəbəkələr üzərindən ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.