İQTİSADİYYAT
SOCAR-AQS Azərbaycan qazma sənayesində növbəti rekorda imza atıb
Bakı, 3 may, AZƏRTAC
SOCAR-AQS Azərbaycan qazma sənayesində növbəti rekorda imza atıb.
Müəssisədən AZƏRTAC-a bildiriblər ki, 78 nömrəli quyuda ümumi çəkisi 530 ton olan qoruyucu kəmərin birdəfəyə endirilməsi və sementlənməsi uğurla həyata keçirilib.
SOCAR-AQŞ Bulla yatağındakı 6 saylı dərin dəniz stasionar özülündən layihə dərinliyi 5900 metr olan 78 nömrəli axtarış quyusunda qazma işlərini uğurla davam etdirir. Belə ki, Azərbaycan milli qazma sənayesində analoqu olmayan Drillmec HP 3000 at gücünə malik olan yeni nəsil qazma avadanlığından uğurla istifadə edərək uzunluğu 4938 metr, ümumi çəkisi havada 530 ton olan 13 3/8 qoruyucu kəmərin quyuya birdəfəyə endirilməsinə və uğurla sementlənməsinə nail olunub.
Bulla-6 saylı dərin dəniz stasionar özülünün Qurğu rəisi Nəriman Mustafayev 78 nömrəli quyuda gedən qazma işləri barədə fikirlərini bölüşərək qeyd edib ki, indiyə kimi dərin quyularda qoruyucu kəmərin endirilməsi bir neçə mərhələdə həyata keçirilməklə yanaşı, vaxt itkisi, maliyyə vəsaitinin sərfiyyatı və əlavə risklərlə müşayiət olunub. Milli qazma sənayesində ilk dəfə olaraq, yeni texnika və texnologiyalardan istifadə etməklə dərin quyularda ağır çəkili qoruyucu kəməri birdəfəyə endirmək cəhdi uğurla həyata keçirilib.
O deyib: “Peşəkar qazma briqadamız qoruyucu kəmərin endirilməsi işini uğurla və qısa müddət ərzində həyata keçirib. Semetləmə əməliyyatı da bir mərhələdə uğurla aparılıb. Hazırda növbəti seksiyanın qazılmasına hazırlıq işləri görülür. 78 saylı quyunun məhsuldar qatın VIII horizontuna qazılması planlaşdırılır və növbəti seksiyada biz qazla doyumlu məhsuldar qata daxil olacağıq. Layların litoloji və kollektor xüsusiyyətlərini müəyyən etmək üçün 5-ci, 7-ci və 8-ci horizontlardan süxur nümunələri götürüləcək.
Dəyərlərinə daim sadiq qalan SOCAR-AQŞ həmişə olduğu kimi, bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtda və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək”.