İQTİSADİYYAT
SOCAR-AQŞ “Günəşli”dəki 29 nömrəli quyuda qazma işlərinə başlayıb
Bakı, 14 mart, AZƏRTAC
SOCAR-AQŞ “Günəşli” yatağındakı 7 nömrəli stasionar dəniz özülündən 29 nömrəli quyuda qazma işlərinə başlayıb.
Müəssisədən AZƏRTAC-a bildirilib ki, 29 nömrəli quyunun qala lay dəstəsinə (QLD) qazılması planlaşdırılır və onun layihə dərinliyi 4 min 150 metr təşkil edir. 29 nömrəli quyu 7 nömrəli özüldə yenicə quraşdırılmış və Azərbaycanda analoqu olmayan yeni nəsil qazma avadanlığı - “Bentec 3000 HP” vasitəsilə qazılır. 3 min at gücünə malik “Bentec 3000 HP” qazma qurğusunun istifadəsi nəticəsində yatağın məhsuldar laylarında uzunluğu 9 min metrədək olan böyük inhiraflı quyuların qazılması üçün nadir imkan yaranacaq. Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.
SOCAR-AQŞ 7 nömrəli stasionar dəniz özülündə paralel olaraq iki qazma qurğusu dəstindən istifadə edərək quyu tikintisi işlərini davam etdirir. Müəssisə “Hong Hua ZJ 70/4500 DZ” qazma qurğusu vasitəsilə özüldən 316 və 318 nömrəli quyuları keyfiyyətlə qazaraq sifarişçiyə təhvil verib və hazırda 317 nömrəli quyunun qazma işlərini uğurla davam etdirir.
Müəssisə bu və növbəti quyuları Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verməyi nəzərdə tutur.