İQTİSADİYYAT
SOCAR-ın mütəxəssislərinə sertifikatlar təqdim edilib
Bakı, 22 dekabr, AZƏRTAC
Dekabrın 22-də SOCAR-ın baş ofisində müəssisə və təşkilatların fəaliyyət effektivliyinin artırılması istiqamətində həyata keçirilmiş “Əməliyyat effektivliyinin artırılması və xərclərin optimallaşdırılması” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, son illər şirkətin beynəlxalq standartlara cavab verən ən qabaqcıl effektiv idarəetmə sistemlərinə və texnologiyalarına malik beynəlxalq şirkətə çevrilməsi istiqamətində bir çox uğurlu layihələr həyata keçirilib. Bunlardan biri də SOCAR və “Ernst & Young” beynəlxalq məsləhətçi şirkəti arasında bağlanmış müqaviləyə əsasən şirkətin idarə və müəssisələrində birgə reallaşdırılmış “Əməliyyat effektivliyinin artırılması və xərclərin optimallaşdırılması” layihəsidir. SOCAR-ın idarə və müəssisələrinin mütəxəssisləri layihə çərçivəsində optimallaşmanın istiqamətləri üzrə məsləhətçi şirkət tərəfindən keçirilən təlimlərdə iştirak edib və beynəlxalq təcrübə ilə tanış olublar.
SOCAR-ın iqtisadiyyat və uçot idarəsinin rəhbərliyi, həmçinin “Ernst & Young” şirkətinin nümayəndəsinin iştirakı ilə təlimləri müvəffəqiyyətlə başa vurmuş SOCAR-ın 24 mütəxəssisinə sertifikatlar təqdim edilib.