CƏMİYYƏT
Son bir həftə ərzində Xankəndidə 43 avtomat silahı aşkarlanaraq götürülüb
Bakı, 18 may, AZƏRTAC
Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin olunması məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanaraq zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Polis əməkdaşlarının mayın 11-dən 18-dək həyata keçirdikləri tədbirlər nəticəsində Xankəndi şəhəri ərazisində 43 avtomat silahı, 3 tapança, 8 tüfəng, 15 qumbara, 1 bomba (C4), 19 alışdırıcı, 209 patron darağı, 6480 ədəd müxtəlif çaplı patron, 15 süngü-bıçaq, 1 videomüşahidə dronu və digər sursatlar, Şuşa, Füzuli və Xocalı rayonları ərazisində isə 13 avtomat silahı, 2 qumbaraatan, 1 pulemyot və 60 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.
Həmin istiqamətdə tədbirlər davam etdirilir.