ELM VƏ TƏHSİL
Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib
Bakı, 10 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial İqtisad Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib.
Tədbirdə çıxış edən kollecin direktoru pedaqoji elmlər doktoru Vidadi Orucov bildirib ki, Azərbaycan gənci üçün Heydər Əliyevin memarı olduğu müasir müstəqil Azərbaycan dövlətinin vətəndaşı olmaq qürur mənbəyidir. Ulu Öndərin apardığı çətin və şərəfli mübarizə, həyata keçirdiyi müdrik siyasət dövlətçiliyin qurulmasına, qorunub saxlanılmasına və möhkəmləndirilməsinə xidmət edib. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu Öndər kimi əbədilik qazanıb. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyulub.
“Biz bu gün şahidi oluruq ki, Prezident İlham Əliyev Azərbaycanı bütün istiqamətlərdə inkişaf etdirib və dünya siyasətində yerini möhkəmləndirib. Müstəqil Azərbaycan Respublikası Ulu Öndərin ideyaları işığında Prezident İlham Əliyevin liderliyində sabaha inamla irəliləyir. Vətən müharibəsində 30 ilin işğalına son qoyulması böyük şücaətin, qəhrəmanlığın, Ali Baş Komandanın qətiyyətinin, Azərbaycan Ordusunun gücünün, qüdrətinin nəticəsidir”.
Sonra kollecin fəal tələbələrinə diplomlar təqdim edilib.
Tədbirdə “Heydər Əliyev Azərbaycanı yaşıllıqlar diyarına çevirdi” adlı sənədli film nümayiş olunub. Mərasim musiqili bədii proqramla davam edib. Sonda videoçarx nümayiş olunub.