QAN YADDAŞI
SOYQIRIMI QURBANLARININ XATİRƏSİ DƏVƏÇİ RAYONUNDA ANILMIŞDIR
Dəvəçi, 31 mart (AZƏRTAC). 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı Dəvəçi rayonunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Novruz Novruzov ermənilər tərəfindən azərbaycanlılara qarşı törətdilmiş soyqırımı ilə bağlı tarixi faktlar əsasında məlumat vermiş, bildirmişdir ki, xalqımıza qarşı törədilmiş bu vəhşiliklər məhz ümummilli lider Heydər Əliyev tərəfindən öz tarixi qiymətini almışdır.
Sonra Dəvəçi rayon İcra hakimiyyəti başçısının müavini Ramiz Vahabov mövzu ilə bağlı geniş məruzə ilə çıxış etmişdir.
Cəbrayıl rayonundan olan məcburi köçkün, hazırda Dəvəçi rayonunda məskunlaşmış 2 nömrəli məktəbin müəllimi Cəvahir Muxtarova Qarabağda gedən döyüşlər zamanı şahidi olduğu hadisələrlə bağlı xatırələrini danışmışdır.
Dəvəçi rayon Mədəniyyət və Turizm İdarəsinin nəzdində yenicə yaradılmış “Şabran” teatr-studiyasının kollektivi Cabir Əmrahovun “Vətən ağrıları, Vətən dərdləri” dramatik kompozisiyasını göstərmişdir. Yüksək peşəkarlıqla hazırlanmış kompozisiyanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, quruluşçu rəssamı Bəhram Bədəlov, rejissoru Cabir Əmrahov, musiqi tərtibatçısı Rasim Ağasızadə, səs rejissoru Teymur Məmmədliyevdir.