ELM VƏ TƏHSİL
Statistik proqramlardan istifadənin öyrənilməsi günün tələbinə çevrilib
Bakı, 23 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin və Analitik-İnformasiya Resursları Mərkəzinin təşkilatçılığı ilə “Müasir tədqiqatlarda statistik proqram paketlərindən istifadənin üstünlükləri” mövzusunda onlayn seminar keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, seminarı giriş sözü ilə açan UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova mövzunun aktuallığını diqqətə çatdırıb. O bildirib ki, müasir tədqiqat işlərinin yerinə yetirilməsində verilənlərin yığılması, analizi, modellərin qurulması statistik proqramlar vasitəsilə həyata keçirilir. Şöbə müdiri vurğulayıb ki, məhz bu səbəbdən statistik proqramlardan istifadənin öyrənilməsi artıq günümüzün tələbinə çevrilib.
Analitik-İnformasiya Resursları Mərkəzinin tədqiqatçısı Elnur Rüstəmov R, Python, Eviews, SPSS, STATA proqramları haqqında məlumat verərək bildirib ki, ümumi statistika proqram paketləri güclü, zəif və işləmə baxımından əhəmiyyətli dərəcədə fərqlənir. Proqramlaşdırma dilləri arasında oxşar və fərqli cəhətlərin olduğunu qeyd edən məruzəçi iqtisadiyyat sahəsində aparılan tədqiqatlarda ən çox STATA proqramından istifadə edildiyini bildirib. STATA verilənlərin idarə olunması, statistik təhlil, qrafika, modelləşdirmə və proqramlaşdırma imkanlarına malik olduğu üçün biznes qurumlarnın və elmi müəssisələrin bu proqramın öyrənilməsinə daha çox səy göstərdiklərini vurğulayıb.
Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb. Məruzəçi ona ünvanlanan sualları cavablandırıb.