İQTİSADİYYAT
Stefano Santinelli: “Ansaldo Energia” Azərbaycanın enerji sektorunun inkişafına öz töhfəsini verir
Roma, 14 fevral, AZƏRTAC
“Ansaldo Energia” şirkəti İtaliya üçün strateji ölkə olan Azərbaycanın enerji sektorunun inkişafına öz töhfəsini verməkdən məmnundur.
AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın “Ansaldo Energia” şirkətinin beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Stefano Santinelli deyib.
“Azərbaycan İtaliya üçün strateji ölkədir. “Ansaldo Energia” 2020-ci ildən etibarən Azərbaycan bazarına güclü maraq göstərib, bu illər ərzində yüksəkvəzifəli şəxslərlə çoxsaylı institusional görüşləri təşviq edib. Biz Azərbaycanda mühüm biznes imkanlarını müəyyən etmişik. Buna görə də “Ansaldo Energia” Azərbaycanın enerji sektorunun inkişafına töhfə vermək üçün öz filialını açmaq niyyətindədir”, - deyə o bildirib.
S.Santinelli deyib ki, bu, əməkdaşlığın gələcək inkişafı üçün ilk addımdır. “Ansaldo Energia” Azərbaycanda həm təbii qaz, həm də bərpaolunan enerji sektorlarında əməkdaşlıqda maraqlıdır. Biz Azərbaycan qurumları və şirkətləri ilə 2 illik gərgin işin bəhrəsini görməkdən son dərəcə məmnunuq.
Qeyd edək ki, fevralın 13-də Mingəçevir şəhərində müstəqillik dövrünün 1280 meqavat gücündə ən böyük istilik elektrik stansiyasının (İES) təməli qoyulub. “Azərenerji” və “Ansaldo Energia” arasında imzalanan və dəyəri 160 milyon avro olan müqavilə çərçivəsində İtaliya şirkəti yeni elektrik stansiyasını 4 qaz turbini ilə təchiz edəcək. İES-in 2025-ci ildə istismara verilməsi gözlənilir.
Mərkəzi ofisi İtaliyanın Genuya şəhərində yerləşən və 80 ölkədə layihələr icra edən “Ansaldo Energia” şirkəti 170 il əvvəl təsis edilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma