QAN YADDAŞI
Sumqayıt Dövlət Universitetinin kollektivi “Xocalıya ədalət!” devizi ilə yürüş keçirib
Sumqayıt, 25 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Respublikamızın hər yerində olduğu kimi, Sumqayıt Dövlət Universitetində (SDU) də Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, fevralın 25-də Sumqayıt Dövlət Universitetinin tələbə və müəllim kollektivi Sumqayıt şəhərində “Şəhidlər xiyabanı” memorial kompleksində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan “Xocalı harayı” abidəsinə yürüş edib.
Yürüşdə iştirak edən 613 tələbənin hər biri Xocalıda qətlə yetirilən 613 soydaşımızın adı yazılmış lövhələr götürüb.
Universitetin rektoru Elxan Hüseynov, professor-müəllim və tələbə heyəti abidə kompleksi önünə gül-çiçək dəstələri düzərək faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər.