ELM VƏ TƏHSİL
SUMQAYITDA “GƏNC İSTEDADLI KOMPYUTERÇİLƏR -2008” MÜSABİQƏSİNƏ START VERİLMİŞDİR
Sumqayıt Şəhər İcra Hakimiyyəti və Təhsil Şöbəsi HP şirkətinin maliyyə dəstəyi ilə “İNTEL-gələcək üçün təhsil” proqramı çərçivəsində informasiya-kommunikasiya texnologiyaları üzrə “Gənc istedadlı kompyuterçilər” müsabiqəsinə start vermişdir. İki nominasiya - veb-sayt (internet səhifəsi) yaradılması və POVER POİNT proqramının hazırlanması və təqdimatı nominasiyaları üzrə keçirilən müsabiqədə şəhər məktəbliləri iştirak edəcəkdir. Müsabiqənin şərtlərinə görə məktəblilər bu müsabiqəyə komanda və fərdi qaydada qoşula bilərlər. 200-ə yaxın gənc sumqayıtlı bu müsabiqədə öz bilik və vərdişlərini göstərəcəkdir.
Müsabiqə iştirakçılarını qiymətləndirən nüfuzlu münsiflər heyətinin tərkibinə Respublika Təhsil Nazirliyinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Bakı Dövlət Universitetinin, “Qafqaz” universitetinin və başqa qurumların nümayəndələri daxildir. Müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi mayın 6-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyi ərəfəsində keçiriləcəkdir. Sponsorlar bu yarışda fərqlənən məktəblilərə noutbuk, kompyuterlər və başqa qiymətli hədiyyələr verəcəklər.
Müsabiqə təşkilatçılarının fikrincə, bu cür tədbirlərin keçirilməsi məktəblilərin müasir informasiya-kommunikasiya texnologiyalarına marağının artmasına, bundan istifadə vərdişlərinin təkmilləşdirilməsinə, onların qabiliyyətlərinin və yaradıcı təfəkkürünün inkişafına şərait yaradacaqdır.