CƏMİYYƏT
SUMQAYITDA PSİXONEVROLOJİ DİSPANSER AÇILMIŞDIR
Sumqayıtda psixonevroloji dispanser 7 aylıq əsaslı təmirdən sonra öz qapılarını yenidən açmışdır. 1950-ci ildə istifadəyə verilən bu tibb müəssisəsi son dərəcə bərbad vəziyyətdə idi. O, Yaponiya hökumətinin maliyyə yardımı ilə əsaslı təmir edilmiş, sahəsi xeyli genişləndirilmiş, müasir mebel və avadanlıqla təchiz olunmuşdur . Burada etibarlı enerji, istilik və su sistemi quraşdırılmış, yeməkxana tikilmişdir. Yaponiyalılar bütün bunlara 63 min dollar sərf etmiş, respublikanın Səhiyyə Nazirliyi isə 115 milyon manat ayırmışdır. Dispanserdə hər gün stasionarda 100, ambulatoriya yolu ilə 20 xəstə müalicə oluna bilər. Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev dispanserin açılış mərasimində çıxış edərək, onun heyətini bu əlamətdar hadisə münasibətilə təbrik etdi və indiki mərasimin Azərbaycan Prezidenti Heydər Əliyevin siyasi fəaliyyətinin 34 illiyi ilə bir vaxta düşdüyünü, dövlətimizin başçısının səhiyyənin problemlərinə daimi qayğı və diqqətinin daha bir bariz təzahürü olduğunu nəzərə çarpdırdı. O vurğuladı ki, respublikamızın rəhbəri Heydər Əliyevin 1998-ci ilin fevralında Yaponiyaya səfəri zamanı iki dövlət arasında əməkdaşlığın möhkəm əsası qoyulmuşdur. Əldə edilmiş razılaşmaya uyğun olaraq, Yaponiya hökuməti qrantlar ayıraraq, Azərbaycana müntəzəm surətdə humanitar yardım göstərir. V.Əliyev əmin olduğunu söylədi ki, əsaslı təmir olunmasına və ən yeni avadanlıqla təchiz edilmiş dispanserin tibb heyəti xəstələrin müalicəsinə lazımi diqqət yetirəcəklər. Yaponiyanın ölkəmizdəki səfiri Toşiyuki Fucivara çıxışında bildirdi ki, onun hökuməti Azərbaycanla həvəslə əməkdaşlıq edir. Son 4 ildə respublikada 46 layihə həyata keçirilmişdir ki, bunların da 8-i səhiyyə sahəsinə aiddir. Bu layihələrə cəmən 420 min dollar sərf edilmişdir. Sonra qırmızı lent kəsildi. Qonaqlar palatalarla, prosedur, müalicə kabinetləri, xəstələr üçün istirahət otaqları, sanitariya qovşaqları, inzibati bina, yeməkxana və avadanlıqla tanış oldular. Sonda əməkdaşlığın davam etdirilməsi haqqında razılaşma əldə olundu. Səfir dispanser üçün əlavə müasir tibb avadanlığı alınmasına kömək göstərəcəyinə söz verdi.