Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2008-ci il 4 iyul tarixli 792 nömrəli, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 17 aprel tarixli 1926 nömrəli, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2300 nömrəli Fərmanının 2.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısı” təsdiq edilsin (əlavə olunur).

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 13 mart 2024-cü il

№ 144

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2024-cü il 13 mart
tarixli 144 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
 
Taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən 
sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların
SİYAHISI

Taksi sifarişi operatorları tərəfindən “AYNA” informasiya sisteminə aşağıdakı adsızlaşdırılmış məlumatlar real vaxt rejimində ötürülür:

1. taksi minik avtomobilinin hər bir statusuna uyğun olaraq tarix və vaxt;

2. taksi sifarişinin statusu (aktiv (sürücü sərnişini götürməyə gedir), imtina edilib (sifariş sərnişin və ya sürücü tərəfindən ləğv edilib), icra edilir (daşıma həyata keçirilir), icra edilib (daşıma başa çatıb);

3. taksi sifarişinin hər bir statusuna münasibətdə tarixi və vaxtı;

4. taksi sifarişi üzrə tətbiq olunan tarif, gediş haqqı və gediş haqqının ödənişi üsulu (nağd və ya nağdsız qaydada);

5. daşıyıcının vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamə üzrə məlumat;

6. taksi minik avtomobilinin dövlət qeydiyyat nişanı;

7. taksi minik avtomobilinin yeri, marşrutu və sürəti;

8. taksi minik avtomobilinin sifariş statusu (boşdur, boşdur -sifarişi qəbul edir, məşğuldur - sərnişin daşıyır, məşğuldur - sərnişin daşımır və sifariş qəbul etmir);

9. taksi minik avtomobilinin sürücüsünün sürücülük vəsiqəsinin seriyası və nömrəsi;

10. taksi minik avtomobilinin sürücüsünün iş və istirahət vaxtının başlanğıc, son tarixi və vaxtı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin