DÜNYA
“Taliban” və hökumət qüvvələri arasında Kunduz şəhəri uğrunda döyüşlərdə 76 nəfər ölüb
Bakı, 2 sentyabr, AZƏRTAC
Əfqanıstanda “Taliban” silahlıları və hökumət qüvvələrinin Kunduz şəhəri uğrunda döyüşlərində 76 nəfər ölüb, 80 yaralı var.
AZƏRTAC TOLONews saytına istinadla xəbər verir ki, Kunduz şəhəri və ətrafında iki gündən artıq davam edən qızğın döyüşlərdə Əfqanıstan təhlükəsizlik qüvvələrinin 20 əsgəri, “Taliban” hərəkatının isə 56 döyüşçüsü öldürülüb. Məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.
Məlumatda qeyd olunur ki, hazırda şəhərdə vəziyyət sabitdir, polisin və əsgərlərin birgə səyləri ilə vəziyyət normallaşıb. Nazirliyin sözçüsü Nüsrət Rəhimi əlavə edib ki, “Taliban” silahlıları şəhərə üç istiqamətdən hücum ediblər və Kabildən əlavə qüvvələrin cəlb olunması sayəsində onlar ağır itiklilər verərək Kunduzu tərk ediblər. Döyüşlərdə şəhərin polis rəisi, polkovnik Sərvər Hüsseyni də həlak olub.
Daxili İşlər və Müdafiə nazirləri vəzifələrini icra edənlər Əsədullah Xalid və Məsud Əndərabi, habelə ABŞ və NATO qoşunlarının Əfqanıstandakı komandanı, general Skot Miller Kunduzda vəziyyətlə tanış olmaq üçün bölgəyə səfər ediblər.
Kunduzdan sonra “Taliban” silahlıları Bağlan əyalətindəki Pul-e-Xumri şəhərinə hücum ediblər. Burada döyüşlərin davam etdiyi, Bağlan magistral yonun yaxınlığında terrorçuların bomba partlatması nəticəsində 5 polisin də həlak olduğu bildirilir.