İQTİSADİYYAT
TANAP heç vaxt digər layihələrə alternativ və ya rəqib kimi göstərilməyib
Bakı, 13 mart, Nihad Budaqov, AZƏRTAC
Azərbaycan təbii qazının Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi heç bir zaman digər layihələrə alternativ və ya rəqib kimi göstərilməyib.
AZƏRTAC “aljazeera.com”a istinadla xəbər verir ki, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.
O bildirib ki, TANAP əslində Türkiyə və Avropa İttifaqının uzun müddətdir gündəmində olan qaz tədarükü mənbələrinin və marşrutlarının şaxələndirilməsi strategiyasının və bu istiqamətdə göstərilən səylərin məhsuludur. Eyni strategiya əsasında daha əvvəl icra etdirilməyə çalışılan “Nabucco” layihəsinin müvəffəqiyyətsizliyə uğraması ilə, bu layihənin yerini TANAP və TAP layihələri aldı: “Biz, TANAP layihəsini heç bir zaman digər layihələrə alternativ və ya rəqib kimi göstərməmişik. TANAP nə Rusiya qazına, nə də digər mənbələrə qarşıdır. Biz TANAP-ı tamamlayıcı bir layihə kimi görürük. Hətta “Cənub Qaz Dəhlizi”nin seqmenti olan digər layihələrin hamısı elədir. TANAP rəqib deyil, lakin tamamlayıcı bir layihə olaraq əsasən Cənub-Şərqi Avropa ölkələri üçün ümumilikdə 10 milyard kubmetr olmasına baxmayaraq mənbələrin və marşrutların şaxələndirilməsinə xidmət edir və mühüm əhəmiyyətə malikdir.
“Avropanın Rusiyadan hər il idxal etdiyi təbii qazla müqayisədə TANAP-la Avropaya göndəriləcək qazın həcmi olduqca azdır. Bir tərəfdə ildə 160-180 milyard kubmetrə qədər qaz ixrac edən Rusiya var. Digər tərəfdə isə ilkin mərhələdə daşıma gücü 16 milyard kubmetr olan TANAP. TANAP ilə Avropaya çatdırılacaq qaz həcmi hazırda 10 milyard kubmetr ilə məhdudlaşır. Avropaya çatdırılacaq bu həcm hələ ki, çox azdır. Lakin Cənub-Şərqi Avropa ölkələrinin ümumi istehlak həcmlərini də nəzərə aldıqda bu həcm mənbələrin və marşrutların şaxələndirilməsinə səbəb olacaq. Nəticədə isə Cənub-Şərqi Avropa ölkələrini tək bir mənbədən asılılığı azalacaq. Lakin biz heç bir zaman Rusiya qazı ilə rəqabət aparmaq üçün layihə icra etmirik”, - deyə S.Düzyol əlavə edib.
Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan digər layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.
Boru kəmərinin quru hissəsinin inşası çərçivəsində 4 lot üzrə indiyədək 1600 kilometrdən çox uzunluqda xəndək qazılıb. Boru kəmərinin 56 düym diametrli və ümumilikdə 1334 kilometr uzunluğundakı ilk üç lotu üzrə xəndəyin qazılması artıq yekunlaşıb. Bu vaxtadək TANAP-ın 4 lotu üzrə təqribən 1450 kilometr borular marşrut xətti boyunca düzülüb. Əsas xətt üzrə isə 1360 kilometr uzunluğunda boruların qaynağı tamamlanıb.
Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC-58 faiz, “Botaş”-30 faiz və BP şirkəti-12 faiz.