MƏDƏNİYYƏT
Tanınmış şairin yubileyi qeyd edilib
![Tanınmış şairin yubileyi qeyd edilib](/files/2017/1/1200x630/1485783234609219392_1200x630.jpg)
Bakı, 30 yanvar, Zərəngiz Mansurova, AZƏRTAC
Yanvarın 30-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda qurumun Sumqayıt bölməsinin rəhbəri Sabir Sarvanın 60 illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirin aparıcısı, tanınmış şair və nasir Əjdər Ol yubilyarın həyat və yaradıcılığından söhbət açıb.
Ölkəmizdə qələm adamlarına göstərilən diqqət və qayğıdan danışan Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid son illər, yaşlı və gənc yazıçılara təqaüdlərin, eləcə də yaradıcı insanlara müxtəlif mükafatların verilməsini bunun bariz nümunəsi olduğunu vurğulayıb. AYB-in Sumqayıt bölməsində görülən işlərdən söz açan natiq Sabir Sarvanı həm də bacarıqlı bir təşkilatçı kimi xarakterizə edib.
Tədbirdə filologiya elmləri doktoru Vaqif Yusifli, “Xalq qəzeti”nin şöbə müdiri İlqar Həsənov, şairin qələm dostları - İlham Abbasov, Ofelya Hacıyeva, Oqtay Rza və başqaları Sabir Sarvanın yaradıcılığı haqda düşüncələrini bölüşüb, onun poeziyasının səciyyəvi cəhətlərindən danışıblar. Müasir poeziyamızda onun özünəməxsus yeri olduğunu bildiriblər.
Çıxış edənlər Sabir Sarvanın insani keyfiyyətlərini də yüksək qiymətləndiriblər.
Tədbirdə bədii qiraət ustası, Əməkdar Artist Ağalar Bayramovun ifasında şairin “Özümü sözə çevirdim”, “Dərdimi oxusun ney”, “Yaşaya bilmirəm daha” və digər şeirləri səsləndirilib.
Sonda şair tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, yeni şeirlərini oxuyub.