ELM VƏ TƏHSİL
Tarix Muzeyi Koreya Respublikası ilə elmi əməkdaşlığı genişləndirir
Bakı, 18 iyun, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində (MATM) Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Tonq Op ilə görüş olub.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, görüşdə baş direktor, akademik Nailə Vəlixanlı rəhbərlik etdiyi müəssisə haqqında ətraflı məlumat verib, bir sıra ölkələrin muzeyləri ilə beynəlxalq əlaqələr qurulduğunu deyib. Qeyd olunub ki, Çin, Monqolustan, Özbəkistan, Qazaxıstan ölkələrinin muzeyləri ilə beynəlxalq əlaqələr genişlənib.
Akademik Nailə Vəlixanlı Koreya Respublikası ilə də olan əlaqələrin davam etdirilməsinin, birgə konfransların, treninqlərin keçirilməsinin, elmi əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Muzeylə tanışlığından məmnun qaldığını bildirən səfir Kim Tonq Op Koreya ilə Azərbaycan arasında əlaqələrdən danışıb. Qeyd edilib ki, Koreyanın dil və mədəniyyətini öyrənmək üçün bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin sayı günbəgün artır. Azərbaycan zəngin və qədim tarixə malikdir. Ölkələrimiz arasında uzaq məsafənin olmasına baxmayaraq, son zamanlar Qafqaz regionuna marağın artması nəticəsində Azərbaycana səfər edən koreyalıların sayında və Azərbaycan tarixinə dair yazılmış nəşrlərdə artım müşahidə olunur.
Səfir xalqlarımız arasında tanışlığın daha da artacağına və hər iki ölkəyə fayda gətirəcək bu cür əlaqələrin davam edəcəyinə ümidvar olduğunu vurğulayıb. O, eyni zamanda, növbəti il üçün Koreya-Azərbaycan mədəni və elmi əlaqələrin genişləndirilməsi istiqamətində tədbirlərin keçirilməsinə başlanılacağını və bu layihələrin reallaşdırılması ilə bağlı xüsusi işçi qrupunun təşkil olunacağını bildirib.
Səfir muzeydə keçirilən “Anadır arzulara hər zaman Qarabağ” və “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərgilərlə tanış olub.
Sonda səfirə muzeyin 100 illiyinə həsr olunmuş nəfis tərtibatlı nəşrlər təqdim edilib.