ELM VƏ TƏHSİL
Tarix Muzeyində “Nizami dövründən soraq verən eksponatlar” adlı videoçarx hazırlanıb
Bakı, 9 aprel, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi-fond şöbəsinin elmi işçisi Aygün Quliyeva Etnoqrafiya fondunda mühafizə olunan Nizami Gəncəvi dövrünə məxsus materiallar əsasında videoçarx hazırlayıb.
Muzeydən AZƏRTAC-a bildirilib ki, videoçarxda yer almış “Nizami dövründən soraq verən eksponatlar” adlı məruzədə fondda qorunan XI-XII əsrlərə aid çıraq, həvəngdəstə və qazanlar haqqında məlumat verilib.
Məruzəyə muzeyin Etnoqrafiya fondunda mühafizə olunan müxtəlif eksponatlar və əlavə olaraq muzeyin Arxeologiya fondunda qorunan qazanlar cəlb edilib. Bu materiallar Nizami dövrünün mədəni həyatının və eləcə də XII əsrdə Azərbaycan xalqının məişət mədəniyyətinin öyrənilməsində dəyərli mənbədir.