ELM VƏ TƏHSİL
Tarix Muzeyində Xalq rəssamı Səttar Bəhlulzadəyə məxsus materiallar qorunur
Bakı, 16 dekabr, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Xalq rəssamı, Əməkdar incəsənət xadimi Səttar Bəhlulzadəyə məxsus materiallar qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, Təsviri materiallar fondunda qorunan rəsm əsəri vaxtilə Bülbülə qəsəbəsindəki 140 nömrəli məktəbə dəvət olunmuş Səttar Bəhlulzadəyə hədiyyə edilib. Muzeyin Fotoneqativ fondunda Səttar Bəhlulzadəyə aid fotoneqativlər və Köməkçi tarixi fənn materialları fondunda rəssamın əsərləri əks olunmuş poçt markaları qorunur.
Səttar Bəhlulzadə 1909-cu ildə Bakının Əmircan kəndində anadan olub. Əvvəlcə rəssamlıq məktəbində təhsil alıb, 1941-ci ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirib. Yaradıcılığa görkəmli rəssam Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931-1933-cü illərdə o dövrə uyğun ilk karikaturaları çap edilib. Səttar Bəhlulzadə orden və medallarla təltif olunub. Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Müasir İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskva və s. şəhərlərin muzeylərində saxlanılır.
Azərbaycan təbiətini, doğma Vətənin gözəlliklərini əsərlərində tərənnüm edən rəssam dünya incəsənət xəzinəsini gözəl rəsmlərlə zənginləşdirib.
Rəssamın gərgin yaradıcılıq axtarışlarının məhsulu olan “Xəzər üzərində axşam”, “Xəzər gözəli”, “Əbədi məşəllər”, “Əfsanəvi torpaq”, “Vətənimin baharı”, “Neft daşları”, “Şamaxı üzümlükləri” və s. əsərləri dərin maraq doğurur. Onun fərdi sərgiləri Əlcəzair, Misir, Livan, Suriya, Tunis, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və s. ölkələrdə nümayiş etdirilib.
Səttar Bəhlulzadə 1974-cü ildə Moskvada vəfat edib.