CƏMİYYƏT
“Təhlükəsiz məktəb” sosial layihəsi çərçivəsində fövqəladə hallarla bağlı davranış qaydaları barədə məlumat verilib
Bakı, 19 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu tərəfindən Elm və Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə əməkdaşlıq əsasında paytaxtın Nəsimi rayonunda Samir Hacıyev adına 5 nömrəli tam orta məktəbdə “Təhlükəsiz məktəb” sosial layihəsi çərçivəsində maarifləndirici təlim keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlim nazirliyin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədinə xidmət edib.
İnstitut tərəfindən hazırlanan pilot layihə çərçivəsində təlim iştirakçılarına əməyin təhlükəsizliyi, liftdən istifadə qaydaları, ekoloji təhlükəsizlik, texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları, eləcə də ilkin yardım tədbirləri haqqında ətraflı məlumat verilib.
Novruz bayramı ərəfəsində keçirilən təlimin yekununda iştirakçılara hədiyyələr, sağlamlıq və ətraf mühitin qorunması üçün əhəmiyyət kəsb edən yaddaş vərəqələri, praktiki tövsiyələri əks etdirən çap materialları paylanılıb, sertifikatlar təqdim olunub.