ELM VƏ TƏHSİL
Təhsil İnstitutunun əməkdaşları beynəlxalq proqramda iştirak edirlər
Bakı, 24 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) öz kadr potensialını gücləndirmək məqsədilə əməkdaşlarının müxtəlif proqramlara cəlb olunmasına dəstək göstərir. ARTİ-nin Layihə katibliyinin rəhbəri Nailə Ömərova və baş mütəxəssisi Aysel Həsənova Bakı Ali Neft Məktəbinin (BANM) xüsusi dəstəyi, tanınmış “TwentyEighty Strategy Execution” şirkətinin texniki dəstəyi ilə ABŞ-ın Şimali Karolina ştatının Dyuk Universitetinin layihələrin idarə edilməsi üzrə magistr proqramı əsasında hazırlanan Layihə İdarəetmə Məktəbinin (SPM) təlim proqramına qatılıblar.
ARTİ-dən AZƏRTAC-a bildirilib ki, may ayından start götürən və 6 ay davam edəcək bu kurs “Layihələrin idarə edilməsi”, “Qrafik və xərclərə nəzarət”, “Risklərin idarə edilməsi”, “Agile & Lean”, “Layihəyə rəhbərlik, idarəetmə və kommunikasiya”, “Müqavilə idarəetməsi”, seçmə modul olaraq isə “Layihə menecerləri üçün danışıqların aparılması bacarıqları” və ya “PMP (Layihələri idarəetmə mütəxəssisi) imtahanına hazırlıq” olmaqla ümumilikdə 7 moduldan ibarətdir.
Təlim proqramını uğurla başa vuran iştirakçılara Dyuk Universitetinin peşəkar layihə meneceri sertifikatı veriləcək. Həmçinin proqramın məzunları 7 modul üzrə sertifikat əldə edəcək və adlarının qarşısına DCPM (Duke Certified Project Manager) inisiallarını əlavə edə biləcəklər.
Qeyd edək ki, dövlət və özəl sektorda fəaliyyət göstərən qurumlar artıq 100-dən çox məzunu olan Layihə İdarəetmə Məktəbinə böyük maraq göstərir və əməkdaşlarının ixtisasartırması üçün bu layihədə iştirakını dəstəkləyir.