ELM VƏ TƏHSİL
TƏHSİL LAYİHƏLƏRİNİ ƏLAQƏLƏNDİRMƏK MƏQSƏDİLƏ
Görüşdə TASİS Əlaqələndirmə Bürosu, Avropa Evi, Təhsil Nazirliyi, TASİS Monitorinq Ofisinin əməkdaşları və TEMPUS layihələrinin yerli əlaqələndiriciləri iştirak etmişlər.
Tədbir Avropa İttifaqı TEMPUS proqramı çərçivəsində həyata keçirilən layihələr arasında əlaqələr yaratmaq məqsədi daşıyır. Layihələrin yerli nümayəndələri həmin proqramla bağlı həyata keçirilən digər layihələrin nəticələri ilə tanış olmuşlar.
Qeyd olunmuşdur ki, Avropa Komissiyası sentyabrda TEMPUS proqramı çərçivəsində 4 yeni layihəni həyata keçirmək üçün qrant ayırmışdır.
AZƏRTAC xəbər verir ki, həmin qrant bu layihələr üçün nəzərdə tutulmuşdur: “Azərbaycan ali məktəblərində müasir mühəndis təhsili” layihəsi... Bu layihə Azərbaycan Texniki Universiteti ilə birgə həyata keçirilmiş əvvəlki layihənin təcrübəsini yaymağı nəzərdə tutur. Həmin layihəyə Azərbaycan Dövlət Neft Akademiyası, Sumqayıt Dövlət Universiteti və Mingəçevir Politexnik Universiteti də cəlb olunmuşdur.
“Bina iqtisadiyyatı: onun inşaatı və saxlanması” layihəsi. Bu layihə Azərbaycan Memarlıq və İnşaat Universitetində həyata keçirilir.
“Cənubi Qafqazda biotibbi və baytarlıq təhsili üzrə milli mərkəzlərin yaradılması” layihəsi. Layihəyə Bakı Dövlət Universiteti və Azərbaycan Tibb Universiteti cəlb olunmuşdur.
“Cənubi Qafqaz regionunda ekoloji təhsilin tətbiqi” layihəsi isə Gəncə Kənd Təsərrüfatı Akademiyası ilə birlikdə həyata keçirilir. “Dəyirmi masa”da çıxış edənlər bildirmişlər ki, TEMPUS proqramının yeni layihələri ölkəmizdə təhsilin təkmilləşdirilməsinə öz müsbət təsirini göstərəcəkdir.