ELM VƏ TƏHSİL
“TƏHSİLDƏ KEYFİYYƏTİN TƏMİNATI: TƏLƏBLƏR VƏ ZƏRURƏTLƏR” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyinin, Azərbaycan Dillər Universitetinin və Avropa Təhsil Hüququ və Siyasəti Assosiasiyasının birgə təşkilatçılığı ilə “Təhsildə keyfiyyətin təminatı: tələblər və zərurətlər” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Dövlət və özəl ali məktəblərin rektorlarının, tədris işləri üzrə prorektorlarının, ABŞ, Türkiyə və Belçikadan gəlmiş nümayəndələrin iştirak etdikləri tədbirdə təhsil naziri Misir Mərdanov bu gün bütün dünyada, o cümlədən Azərbaycanda təhsilin keyfiyyətinin ön plana çəkildiyini bildirmiş, ali təhsilin inkişafı proqramının hazırlanaraq hökumətə təqdim edildiyini diqqətə çatdırmışdır.
Nazir proqramda təhsilin keyfiyyətinin prioritet təşkil etdiyini söyləmişdir. Bildirmişdir ki, uzun müddətdir müzakirə olunan “Təhsil haqqında” qanun layihəsinin qəbulundan sonra bu sahədə mövcud olan boşluq doldurulacaqdır. Bu gün Azərbaycanın dünyanın diqqət mərkəzində olduğunu qeyd edən Misir Mərdanov Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda mayın 14-dən 16-dək təhsillə bağlı YUNESKO-nun regional konfransının təşkil olunacağını diqqətə çatdırmışdır.
Tədbirdə təhsilin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə gələcəkdə ali məktəblərə daha çox sərbəstliyin verilməsinin zəruriliyi ilə bağlı fikirlər də səslənmişdir. Ən ciddi məsələ isə təhsilin məzmunu ilə bağlıdır. Nazir Misir Mərdanov həm dərsliklərin, həm də müəllimlərin təkmilləşdirilməsinə ehtiyac olduğunu nəzərə çarpdırmışdır.
Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov respublikamızın təhsil sahəsində də Avropaya inteqrasiya etdiyini söyləmişdir. Bildirilmişdir ki, bu sahədə ölkədə əsaslı və məntiqli islahatlar davam etməkdədir. Azərbaycanda Boloniya prosesi, kredit sistemi artıq reallıqdır. Amma əsas məqsəd ölkədə təhsilin keyfiyyətinə nail olmaqdır. Bununla əlaqədar 2 il əvvəl təhsildə keyfiyyətin təminatı il bağlı layihənin həyata keçirilməsinə başlanmışdır.
Belçikada universitetlər üzrə dövlət komissarı, YUNESKO-nun təhsil qanunu üzrə nümayəndəsi Jan De Qruf təhsildə vahid modelin olmadığını qeyd etmişdir. O bildirmişdir ki, təhsil sistemi dəyişikliyə açıq olmalıdır. Təhsilin keyfiyyəti xidmət, kadr və texniki təchizatdan asılıdır.