REGİONLAR
Tələbələrin iştirakı ilə keçirilən stolüstü tennis üzrə muxtar respublika birinciliyi başa çatıb
Naxçıvan, 16 noyabr, AZƏRTAC
10-17 noyabr - Beynəlxalq Tələbə Gənclər Həftəsi çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrinin oğlan və qız tələbələrinin iştirakı ilə keçirilən stolüstü tennis üzrə muxtar respublika birinciliyi başa çatıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Şəhər Üzgüçülük Mərkəzinin stolüstü tennis zalında reallaşan yarışda 12 komandadan, ümumilikdə, 36 tələbə iştirak edib. Qaliblər olimpiya sisteminə əsasən müəyyən edilib.
Şəxsi birincilik xarakteri daşıyan yarışda Naxçıvan Dövlət Universitetinin tələbəsi Xədicə Beyra Güldüran qızlar arasında birinci olub. Naxçıvan Texniki Kollecindən Günay Nəsirli və Naxçıvan Müəllimlər İnstitutundan Gültəkin Süleymanova müvafiq ardıcıllıqla ikinci, üçüncü sıralarda qərarlaşıblar.
Oğlanların mübarizəsində Naxçıvan Dövlət Universitetinin təmsilçisi İlyas Zəbuhi qalib olub. Komanda yoldaşı Okan Gültac yarışı ikinciliklə tamamlayıb. “Naxçıvan” Universitetinin tələbəsi Firudin Abdullayev isə üçüncülüklə kifayətlənib.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin birgə təşkilatçılığı ilə Tələbə-Gənclər Həftəsi çərçivəsində nəzərdə tutulan müxtəlif idman birincilikləri, intellektual yarışlar, film nümayişləri və ekskursiyalar davam etməkdədir. Tədbirlər noyabrın 17-də keçiriləcək mükafatlandırma mərasimi ilə yekunlaşacaq.