İQTİSADİYYAT
Teplovoz maşinistləri üçün ixtisasartırma təliminə başlanılıb
Bakı, 21 fevral, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin insan resursları siyasəti çərçivəsində teplovoz maşinistləri üçün ixtisasartırma təliminə başlanılıb.
QSC-dən AZƏRTAC-a bildirilib ki, Gəncə Lokomotiv Deposunda teplovoz maşinisti ixtisası üzrə 16 vakansiyanın mövcudluğu və həmin peşə üzrə əmək bazarında namizəd qıtlığı nəzərə alınaraq boş yerlərin daxili imkanlar hesabına komplektləşdirilməsi barədə qərar verilib. Beləliklə, Gəncə Lokomotiv Deposunun əməkdaşları arasından 16 maşinist seçilərək ixtisasartırma təliminə cəlb olunub.
İxtisasartırma təlimi 3 ay davam edəcək. Nəzəri və praktiki hissələrdən ibarət olan təlim proqramı əməkdaşların bilik və bacarıqlarının hərtərəfli təkmilləşdirilməsi məqsədi daşıyır.