CƏMİYYƏT
Tibbi müayinələrin insanların sağlamlığı üçün olduqca böyük əhəmiyyəti vardır
Balakən, 24 fevral (AZƏRTAC). Aparılan kütləvi tibbi müayinələrin insanların sağlamlığı üçün olduqca böyük əhəmiyyəti vardır. Belə müayinələr insanlar arasında bir sıra xəstəlikləri erkən aşkar etməyə, vaxtında və dəqiq müalicə aparmağa imkan yaradır.
Bu fikirləri Balakən Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Rəisət Tinayeva AZƏRTAC-a müsahibəsində bildirmişdir.
Müayinələrin keçirilməsi üçün xəstəxanada hər cür şəraitin yaradıldığını vurğulayan şöbə müdiri müayinələr zamanı əsasən göz, tənəffüs və ürək-damar sistemi xəstəlikləri ilə bağlı müraciətlərin üstünlük təşkil etdiyini diqqətə çatdırmışdır. Həkimin bildirdiyinə görə, sağlamlığında problem olan hər bir insan klinik, laborator, rentgen, ultrasəs və digər instrumental müayinələrdən keçdikdən sonra ehtiyac yaranarsa, stasionar müalicəyə cəlb olunur.
Rəisət Tinayeva insanların profilaktik tibbi müayinəsinə belə fürsət yaratdığına görə Balakən əhalisi, eləcə də rayonun səhiyyə işçiləri adından Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.