RƏSMİ XRONİKA
TOVUZDA MÜALİCƏ-DİAQNOSTİKA MƏRKƏZİNİN TƏMƏLİ QOYULMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, sentyabrın 24-də Tovuz şəhərində Müalicə-Diaqnostika Mərkəzinin təməli qoyulmuşdur.
İnşaatçılar Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.
Dövlətimizin başçısı mərkəzin baş planı və fotoşəkilləri ilə tanış oldu.
Təxminən iki hektar ərazidə yerləşəcək və Azərbaycan Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikiləcək mərkəzin üçmərtəbəli binasında laboratoriya, qəbul, şüa-diaqnostika şöbələri, poliklinika, stasionar travmatologiya və homodializ şöbələri, cərrahiyyə bloku, anesteziologiya və reanimasiya şöbələri yerləşəcəkdir. Mərkəzin elektrik enerjisi ilə təminatı üçün yardımçı stansiyası, habelə yeməkxanası, ehtiyat su anbarı da olacaqdır. Tikinti işlərinin iki il müddətinə başa çatdırılması nəzərdə tutulur. Yeni tibb ocağı ən müasir avadanlıqla təchiz olunacaqdır. Həkimlər üçün ayrıca yaşayış binası da tikiləcəkdir. Yerli kadrların hazırlanması üçün Türkiyədən mütəxəssislər dəvət olunacaq və onlar da bu binada yaşayacaqlar.
Burada qərb bölgəsi üçün kardiocərrahiyyə mərkəzi də fəaliyyət göstərəcəkdir. Hazırda ölkəmizin digər rayonlarındakı müalicə-diaqnostika mərkəzlərində açıq ürək əməliyyatları aparılsa da, ayrıca kardiocərrahiyyə mərkəzləri Tovuzda və Cəlilabadda yaradılacaqdır.
Prezident İlham Əliyev Azərbaycanın bütün bölgələrində müalicə-diaqnostika mərkəzlərinin tikildiyini xatırlatdı və müasir standartlara cavab verən bu tibb müəssisələrində istənilən xəstəliyin birinci mərhələdə müayinəsinin mümkün olacağını vurğuladı. Bildirdi ki, bu rayondan da insanlar digər şəhərlərə getməyəcək, elə Tovuzda müalicə üçün hər cür şərait yaradılacaqdır.
Sonra dövlətimizin başçısı gilizi təmələ qoyaraq beton qarışığı tökdü və inşaatçıları təbrik etdi, Müalicə-Diaqnostika Mərkəzinin tikintisinin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı tapşırıqlarını verdi.
Bununla da Prezident İlham Əliyevin Tovuz rayonuna səfəri başa çatdı.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 24-də Gəncə şəhərində və Kürdəmir rayonunda da olmuşdur.
######