MƏDƏNİYYƏT
“Turizm Azərbaycan üçün vacib biznesdir”
Madrid, 26 sentyabr, AZƏRTAC
İspaniyanın “Express.info” səyahət portalı ölkəmizin turizm imkanlarından bəhs edən “Turizm Azərbaycan üçün vacib biznesdir” başlıqlı məqalə dərc edib.
Məqalədə Azərbaycanda son iki ildə sürətlə inkişaf edən turizm sektoru və real imkanlardan söhbət açılır. Bildirilir ki, Azərbaycanın əlaqədar orqanları bu sahənin daha da inkişafı üçün tədbirlər həyata keçirməkdədirlər. Bu ən başlıca ölkədə bu istiqamətdə fəaliyyət göstərən kommersiya strukturlarının işinin sadələşdirilməsi ilə bağlıdır.
Vurğulanır ki, hazırda ölkəyə böyük turist axını var. Turistləri əsasən təbii landşaft, dini tolerantlıq, maraqlı şəhərlər, dadlı və geniş mətbəx, ekoloji təmiz meyvə-tərəvəz, yüksək zövqlə hazırlanmış suvenirlər və ən əsası ölkədəki stabillik və təhlükəsizlik cəlb edir.
Məqalədə qeyd olunur ki, ölkənin əlaqədar biznes dairələri hazırda Uzaq Şərqi Asiyadan turistlərin cəlb olunmasında maraqlıdır. Belə ki, bu məqsədlə bu yaxınlarda bir qrup Çin blogeri Azərbaycana dəvət olunub. Həmçinin İsraildən də səyahətçilərin ölkəyə marağının artırılması istiqamətində iş aparılır.
Yazıda 2017-ci ildə Azərbaycan birinci yerdə Rusiyanın durduğu 25 ölkədən turist qəbul etdiyi vurğulanır. Bunlar əsasən, Gürcüstan, İran, Türkiyə, BƏƏ, Ukrayna, Qazaxıstan, Oman, Özbəkistan, Belarus, Pakistan, Hindistan və Küveytdir. Ən az turist axını İtaliya, Çin, Fransa, Qətər və Hollandiyadan müşahidə olunub.
Məqalənin sonunda Azərbaycan xalqının qonaqpərvərliyi xüsusi qeyd olunur.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid