MƏDƏNİYYƏT
Turizm sahəsində fəaliyyət göstərən sahibkarlarla bağlı təkliflər hazırlanacaq
Bakı, 11 may, AZƏRTAC
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov arasında görüş olub.
AzTA-dan AZƏRTAC-a verilən məlumata görə, görüşün əsas məqsədi ölkəmizin turizm sənayesinin, o cümlədən ekoloji və aqrar turizmin mövcud vəziyyəti və perspektiv inkişaf məsələlərinin müzakirəsi, gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi olub.
Görüşdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev təmsil etdiyi qurumun fəaliyyətində yeni yanaşmaların tətbiq ediləcəyini, əsasən də özəl sektorun iştirakçılarına xüsusi önəm veriləcəyini qeyd edib.
“Nazirlik artıq bu istiqamətdə işlər görür, özəl sektor nümayəndələri ilə görüşlər keçirir”, - deyə nazir bildirib.
AzTA-nın sədri nazirə turizm sahəsində son illər əldə olunmuş nailiyyətlərdə özəl sektorun rolundan və bu sahənin inkişafında verilə biləcək töhfələrdən bəhs edib. Görüşdə turizm sektoruna dövlət tərəfindən əlavə dəstəyin vacibliyini də qeyd edib.
Nazir öz növbəsində turizm sahəsində fəaliyyət göstərən sahibkarlara əlavə dəstəyin göstərilməsi barədə AzTA tərəfindən təkliflərin hazırlanmasını təklif edib.
AzTA yaxın vaxtlarda təkliflər hazırlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edəcək.