ELM VƏ TƏHSİL
“Türk dünyasının ortaq mirası Novruz” - Folklor İnstitutunda sərgi-tədbir
Bakı, 19 mart, AZƏRTAC
AMEA Folklor İnstitutunun Qadınlar Təşkilatı “Türk dünyasının ortaq mirası Novruz” adlı sərgi-tədbir keçirib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri elmi müəssisənin direktoru akademik Muxtar Kazımoğlu-İmanov açaraq Novruzun əsrlərin sınağından çıxmış mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan bayram olduğunu bildirib. Yaradılışla bağlı olan bu bayramın insanları birliyə, əmin-amanlığa səslədiyini vurğulayan akademik qeyd edib ki, Novruz təbiətin harmoniyasını – gecə ilə gündüzün bərabərləşməsini, eyni zamanda, cəmiyyətin harmoniyasını – küsülülərin barışmasını təcəssüm etdirir.
Sonra “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşı Dilşad Tahirqızı, institutun elmi işlər üzrə direktor müavini Afaq Ramazanova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əli Şamil çıxış ediblər.
Tədbirdə Qadınlar Təşkilatının sədr müavini Afaq Mustafayeva sərgidə nümayiş olunan qədim məişət əşyaları, o cümlədən xalçalar barədə məlumat verib.
Sonda Aşıq Roman Azaflının ifasında təqdim olunan aşıq havaları tədbir iştirakçılarında xoş ovqat yaradıb.