SİYASƏT
Türkdilli Ölkələrin Parlament Assambleyasının V plenar iclasının Bakı Bəyannaməsi qəbul olunmuşdur
Bakı, 13 iyun (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Türkdilli Ölkələrin Parlament Assambleyasının V plenar iclasının Bakı Bəyannaməsi qəbul olunmuşdur.
Bəyannamədə bildirilir ki, TürkPA suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı, daxili işlərə müdaxilə etməmək prinsiplərinə hörmət etdiyini bir daha təsdiq edir.
Assambleya terrorizmin bütün formalarını kəskin pisləyir və üzv dövlətlərin terrorizm əleyhinə əməkdaşlığının vacibliyini vurğulayır. Qurum terrorizm, separatizm və ekstremizmin bütün formaları və təzahürləri, eləcə də transmilli mütəşəkkil cinayətkarlıq, kiber cinayətkarlıq, narkotik, silah, insan alveri və miqrant qaçaqmalçılığına qarşı mübarizədə üzv dövlətlər arasında əməkdaşlıq və əlaqələndirməni gücləndirməyə dair öhdəliyini bir daha təsdiq edir.
Parlament Assambleyası qardaş Türkiyənin İraqdakı diplomatik missiyası və vətəndaşlarına qarşı edilən hücumları qətiyyətlə pisləyir və Türkiyə konsulluğu əməkdaşlarının və vətəndaşlarının dərhal azadlığa buraxılmasını tələb edir.
Assambleya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmazlığı prinsipləri əsasında siyasi həllinin əhəmiyyətini ifadə edir və münaqişənin həllinin regionda sülh, sabitlik və inkişafı bərqərar edəcəyinə və tam təşəkkül tapmış regional əməkdaşlıq üçün şərait yaradacağına inamını bir daha təsdiq edir.
TürkPA üzv ölkələrin parlamentlərarası əməkdaşlığının güclənməsinə töhfə verən bir sıra tədbirlərlə yadda qalan Türkiyə sədrliyini yüksək qiymətləndirir.
Assambleya Azərbaycan xalqının ənənəvi qonaqpərvərliyini, eləcə də TürkPA -nın V plenar iclasının Milli Məclis tərəfindən uğurlu və mükəmməl təşkilini yüksək qiymətləndirir.