DÜNYA
TÜRKİYƏ RUSİYA İLƏ TİCARƏTİN HƏCMİNİ ARTIRMAQ NİYYƏTİNDƏDİR
AZƏRTAC xəbər verir ki, Türkiyənin Rusiyadakı səfiri Qurtuluş Daşkənd İTAR-TASS agentliyinin müxbiri ilə söhbətində bildirmişdir: Türkiyə yaxın illərdə Rusiya ilə ticarətin həcmini iki dəfə artırmaq və bu sahədə uyğunsuzluğu azaltmaq niyyətindədir. Səfir qeyd etmişdir ki, ticarətin genişləndirilməsinin perspektivləri Türkiyənin dövlət naziri, hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Gürşad Tüzmenin Moskvada, Rusiyanın bir sıra nazirliklərində apardığı məsləhətləşmələrdə müzakirə olunmuşdur. Hazırda iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 5 milyard dollardır və bunun əksər hissəsini Rusiyanın ixrac malları təşkil edir. Diplomat demişdir: “Biz artıq yaxın illərdə ticarətin həcmini 10 milyard dollara çatdırmaq istərdik. Türkiyə enerji xammalı idxalını və Rusiyaya sənaye və kənd təsərrüfatı məhsulları ixracını artırmağı planlaşdırır”. Q.Daşkəndin sözlərinə görə, hökumətlərarası komissiyanın oktyabrda Moskvada keçiriləcək iclasında yeni layihələri müzakirə etmək nəzərdə tutulur. Məsələn, Rusiya paytaxtında Türkiyə mallarının daimi sərgisini açmaq planlaşdırılır, yaxın illərdə Vladimir vilayətində teleaparatların istehsalına başlanacaqdır, məişət texnikası zavodu tikintisi planları öyrənilir.