İQTİSADİYYAT
Türkiyə şirkətləri Azərbaycanın yol infrastrukturunun yenidən qurulmasında yaxından iştirak edir
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin tərkibində Türkiyədə keçirilən 12-ci Nəqliyyat və Rabitə Şurasında iştirak edib.
Tədbirin əsas müzakirə mövzusu COVID-19 pandemiyasından sonrakı qlobal inkişafı dəstəkləmək üçün nəqliyyat və rabitə üzrə sərmayələrin qoyulması, rəqəmsallaşdırma yolu ilə nəqliyyat və logistika sistemlərindən səmərəli istifadə, dayanıqlı nəqliyyat sisteminin qurulması, müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsi olub.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin tabeliyində olan Avtomobil Yolları departamentinin direktoru Abdulkadir Uraloğlu ilə görüşündə Türkiyə şirkətlərinin Azərbaycanın yol infrastrukturunun yenidən qurulmasında, xüsusən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində həyata keçirilən yol infrastrukturu layihələrində yaxından iştirak etdiklərini vurğulayıb.
Müzakirələr zamanı Türkiyə şirkətləri ilə bu sahədə uğurlu əlaqələrə diqqət çəkilib və qardaş ölkə ilə Azərbaycan arasında bu əməkdaşlığın davam etməsinin əhəmiyyəti qeyd olunub.
12-ci Nəqliyyat və Rabitə Şurasında 55 ölkədən nümayəndə heyəti iştirak edib.