RƏSMİ XRONİKA
TÜRKİYƏNİN BAŞ NAZİRİ RƏCƏB TAYYİB ƏRDOĞANIN NAXÇIVAN MUXTAR RESPUBLİKASINA SƏFƏRİ
RƏSMİ QARŞILANMA MƏRASİMİ
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Baş nazir Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı səmimiyyətlə qarşıladılar.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva xanım Əminə Ərdoğana gül dəstəsi təqdim etdi.
Fəxri qarovul dəstəsinin rəisi Türkiyənin Baş nazirinə raport verdi.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndi.
Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Türkiyənin Baş naziri Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Baş nazir Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan rəsmi foto çəkdirdilər.