SİYASƏT
Türkiyənin “HBR-A” televiziya kanalı uydurma “erməni soyqırımı”nı yeni faktlarla ifşa etmişdir
İstanbul, 26 aprel (AZƏRTAC). Türkiyənin “HBR-A” televiziya kanalı aprelin 26-da uydurma “erməni soyqırımı”nı ifşa edən çoxsaylı yeni faktlar nümayiş etdirmişdir. Tədqiqatçı Qadir Misiroğlu arxiv materialları ilə və sənədlərlə canlı yayımda əsaslandırmışdır ki, saxta “erməni məsələsi” və uydurma “erməni soyqırımı” mövzuları böyük güclərin Osmanlı dövlətinə qarşı ortaya atdıqları siyasi oyunlardır.
Erməni silahlılarının Birinci Dünya müharibəsi zamanı Osmanlı ərazisində 2 milyondan artıq türk və kürd müsəlmanı amansızlıqla qırdığını təsdiq edən sənədləri efirdən nümayiş etdirən tədqiqatçı erməni tarixçilərini teledebata dəvət etmişdir.
AZƏRTAC-ın 2009-cu il iyunun 23-də bu fakt barədə yaydığı informasiyada qeyd olunur ki, ABŞ-ın keçmiş Prezidenti Ronald Reyqanın hüquq məsələləri üzrə müşaviri Bryus Fein bildirmişdir ki, Ağ Evin araşdırması nəticəsində ermənilərin 2 milyon Osmanlı türkünü qətlə yetirdiyi ortaya çıxmışdır. Ermənilərin “soyqırımı” iddialarına münasibət bildirən Bryus Fein vurğulamışdır ki, Reyqanın prezidentliyi dövründə - 1981-ci ildə həmin məsələ Ağ Ev tərəfindən araşdırılmış və bu iddiaların əsassız olduğu sübut edilmişdir
http://azertag.com/newsarchive?mod=1&date=2009-6-23&id=9862&partition=2.
Q.Misiroğlu bildirmişdir ki, ermənilərin Osmanlı dövlətinə qarşı döyüşən tərəf olduqları XX əsrin ilk illərindən Birinci Dünya müharibəsinin sonunadək ABŞ, Rusiya və Qərb dövlətlərinin Osmanlı ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəliklərinə aid raportlarda və bütün məxfi sənədlərdə öz əksini tapmışdır. Böyük güclər erməni silahlı dəstələrini yaratmış, yaraqlandırmış, onların bütün təchizatlarını öz üzərlərinə götürmüş və onlardan alət kimi istifadə etmişlər.
Canlı yayımda nümayiş etdirilən sənədlərdə əks olunur ki, Birinci Dünya müharibəsi zamanı Osmanlı ərazisində yaşayan ermənilərin ümumi sayı, müharibədə həlak olanlar sayı, onların mal və mülkü barədə iddia olunan göstəricilər dəfələrlə şişirdilmişdir.
İndiki Türkiyə və İrandan ermənilərin Ermənistan dövləti ərazisinə və Dağlıq Qarabağa köçürülməsi isə milli dövlət yaratmağı qarşısına məqsəd qoyan erməni millətçilərinin, erməni terror təşkilatlarının və erməni din xadimlərinin maraqlarına uyğun olaraq çar Rusiyasının dəstəyi ilə həyata keçirilmişdir. Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinin əsası isə məhz erməni millətçilərinin istəyi əsasında 1828-ci ildə çar Rusiyası və İran-Qacarlar dövləti arasında imzalanmış Türkmənçay müqaviləsinin şərtləri ilə başlanmış və Birinci Dünya müharibəsi dövründə də davam etdirilmişdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul