REGİONLAR
Ucarda Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
Bakı, 26 yanvar, AZƏRTAC
Ucarda Vətən müharibəsi şəhidi Xəlilov Ayaz Qnyaz oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəhbər və əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri Ayaz Xəlilovun məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər. Mərasim iştirakçıları, həmçinin Birinci Qarabağ müharibəsi şəhidləri Həsənov Şirvan Mehdi oğlunun, Yarməmmədov Muğan İsa oğlunun və Vətən müharibəsi şəhidi Əliyev Kərim Məhəmmədəli oğlunun da məzarlarını ziyarət ediblər.
Anım tədbiri rayon mərkəzində təşkil olunan ehsan süfrəsi ilə davam edib.
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə göstərilən dövlət qayğısı xüsusi qeyd olunub.
Qeyd edək ki, şəhid Ayaz Xəlilov 1998-ci il yanvarın 25-də Ucar rayonunun Alpout kəndində anadan olub. 2020-ci il oktyabrın 8-də Tərtər istiqamətində şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin sərəncamları ilə, o, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.