İDMAN
UEFA EVSİZ-EŞİKSİZLƏRƏ KÖMƏK EDİR
UEFA 2004-cü ildə evsiz-eşiksizlər arasında dünya çempionatının - həyət futbolu bayramının sponsoru olacaqdır. Bu çempionatı keçirməkdən məqsəd cəmiyyətin diqqətini bütün dünyada evsiz-eşiksiz adamların problemlərinə cəlb etməkdir. Turnir iyulun 25-dən avqustun 1-dək Geteborqda keçiriləcəkdir. AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, tarixdə ikinci dəfə keçiriləcək bu turnirdə dünyanın 32 ölkəsindən 300-ə yaxın evsiz-eşiksiz futbolçu iştirak edəcəkdir. UEFA-nın himayəsi ilə keçirilmiş ilk çempionat ötən yay Avstriyada olmuşdur. Hələlik turnir hər il keçirilir, lakin sonradan iki ildə bir dəfə olacaqdır.
Builki çempionatın təşkilatçıları ümid edirlər ki, hər bir oyuna 1500-ə yaxın adam gələcək və bir həftə ərzində çempionata təxminən 50 min adam baxacaqdır. Turnirin gedişi televiziya və digər KİV-lərlə işıqlandırılacaqdır. Yarışları Beynəlxalq küçə qəzetləri şəbəkəsi (İNSP) təşkil etmişdir və elə onun yardımı ilə də keçirilir. Bu təşkilat artıq 10 ildir ki, böhran vəziyyətinə düşmüş insanlara kömək edir. Evsiz-eşiksizlər küçələrdə qəzet, jurnal satmaqla pul qazanmaq imkanı əldə edirlər. Hazırda İNSP-nin Rusiyadan və Polşadan tutmuş CAR-a və ABŞ-a qədər dünyanın 28 ölkəsində 50 üzvü vardır.