CƏMİYYƏT
Ukraynada tanınan azərbaycanlı neyrocərrah - AZƏRTAC-ın cərrahiyyə əməliyyatından XÜSUSİ REPORTAJI VİDEO
Kiyev, 3 fevral, AZƏRTAC
Azərbaycandan kənarda xalqımızın və ölkəmizin adını uca tutan gənclərimiz az deyil. Onlardan biri də Ukraynada tanınan gənc həkim-neyrocərrah Emil Əsgərovdur.
Hazırda Kiyev Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Neyrocərrahiyyə kafedrasının həkimi olan soydaşımız neyrovaskulyar patologiya, neyroonkologiya, onurğa və onurğa beyninin patologiyası istiqamətləri üzrə fəaliyyətini davam etdirir.
AZƏRTAC-ın çəkiliş qrupu azərbaycanlı həkimin ən ağır cərrahiyyə əməliyyatlarının birində olaraq xüsusi reportaj hazırlayıb. Emil Əsgərovun icra etdiyi beyin törəməsi (tümörü) nevrinoma əməliyyatı 5 saata yaxın çəkdi.
Həkim AZƏRTAC-a açıqlamasında bildirib ki, bu, eşitmə sinirinin şişidir, əməliyyatın unikallığı odur ki, beyin şişi götürülərkən üz siniri olduğu kimi saxlanmalıdır. Əməliyyatın çətinliyi odur ki, üz siniri zədələnə bilər. Əməliyyat uğurla keçdi.
Qeyd edək ki, pasiyent müharibə şəraitinə baxmayaraq Azərbaycandan Ukraynaya gəlib və bu əməliyyata razı olub.
Emil Əsgərov Ukraynada doğulub böyüməsinə baxmayaraq, vətəni Azərbaycana bağlı bir gəncdir. Təxminən Azərbaycanın müstəqilliyi qədər yaşı var. 1992-ci il iyulun 22-də Kiyevdə doğulan soydaşımız Azərbaycana qəlbən bağlı olduğunu gizlətmir.
Azərbaycandan da xəstələrinin çox olduğunu deyən Emil Əsgərov bildirib ki, ölkəmizdən gələn xəstələr arasında ən çətin əməliyyatı Naxçıvandan olan qadın üzərində 11 saat davam edib, onun beynindən böyük şiş götürülüb. Qadın hazırda Naxçıvanda normal həyat sürür.
Qeyd edək ki, Emil Əsgərov Ukraynada gedən müharibə ilə bağlı həm İrpendə, həm də Kiyevdə hərbi hospitallarda çalışır, bütün diqqətini hərbçilərin əməliyyatına və müalicəsinə yönəldir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev