SİYASƏT
Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir
Bakı, 13 iyun (AZƏRTAC). İyunun 13-də Azərbaycan İctimai-Siyasi Universitetində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Universitetin rektoru, iqtisad elmləri doktoru, professor Rasim Nəbiyev “Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda məruzə ilə çıxış etmişdir.
Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən söz açan
R.Nəbiyev bildirmişdir ki, ölkənin ağır vəziyyətində ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı xaos, anarxiya vəziyyətində olan ölkəmizi bu vəziyyətdən qurtarmış, Azərbaycanda ictimai-siyasi sabitlik bərpa olunmuşdur.
Rektor ölkənin məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir zamanda müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışının və xalqı bu bəladan xilas etməsinin tarixə Milli Qurtuluş Günü kimi yazıldığını diqqətə çatdırmışdır.
Vurğulanmışdır ki, Milli Qurtuluş Günü 1993-cü ildə Milli Məclisin qərarı ilə rəsmiləşdirilmişdir. Həmin vaxtdan bu günədək xalqımız iyunun 15-ni bayram kimi qeyd edir və bu günü müstəqil Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi qiymətləndirir.
Ümummilli Liderin yorulmaz fəaliyyəti, yeritdiyi müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimizin dönməz xarakter aldığı, dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görüldüyü xüsusilə qeyd edilmişdir.
Diqqətə çatdırılmışdır ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmişdir.
Tədbirdə professorlar Oqtay Abbasov, Nuru Məmmədov və başqaları çıxış edərək xalqımızın həyatında bu tarixi günün böyük əhəmiyyət kəsb etdiyini vurğulamış, müdrik dövlət xadimi, dünya şöhrətli siyasi lider Heydər Əliyevin şərəfli ömrünün ayrı-ayrı məqamlarından söhbət açmışlar.