MƏDƏNİYYƏT
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib
Bakı, 1 may, AZƏRTAC
Mayın 1-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin tələbələrinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Ağaverdi Paşayevin, Əməkdar artist, dirijor İlahə Hüseynovanın müşayiətilə gənc istedadlar öz ifalarını təqdim ediblər.
Konsertdə, həmçinin Fikrət Əmirovun “Azərbaycan elləri”, Səid Rüstəmovun “Alagöz”, Oqtay Kazıminin “Məhəbbət” əsərləri tələbələr tərəfindən ifa olunub.
Baba Vəziroğlunun “Azərbaycan” şeirini respublika müsabiqəsi laureatı II kurs tələbəsi İradə Məmmədova söyləyib.
Konsert proqramında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.