HEYDƏR ƏLİYEV - 1
Ulu Öndər Heydər Əliyevin xatirəsi Stokholmda anılıb
Stokholm, 13 may, Nərgiz Cəfərli, АZƏRTAC
İsveç Krallığının paytaxtı Stokholmda fəaliyyət göstərən “Qarabağ” həftəsonu məktəbində SAF-ın təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümümə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Qarabağ” məktəbinin rəhbəri Sevda Dadaşova Ümummilli Lider Heydər Əliyevin xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını bildirib. Deyib ki, Azərbaycan xalqı üçün şərəfli liderlik missiyasını özünün iti zəkası, uzaqgörənliyi, milliliyi, vətənpərvərliyi və çoxşaxəli fəaliyyəti ilə həyata keçirən Ulu Öndər xalqın qəlbində xilaskar və əbədiyaşarlıq nümunəsi qazanıb.
Sevda Dadaşova qeyd edib ki, illər ötdükcə Heydər Əliyevin Azərbaycan naminə gördüyü işlər daha aydın dərk olunur, Ulu Öndərin həyatı bütünlüklə dövlətə, Vətənə, xalqa həsr edilən ömür kimi qiymətləndirilir.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.