SİYASƏT
Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtarmışdır
Naxçıvan, 13 iyun (AZƏRTAC). Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatı Milli Qurtuluş Günü münasibətilə tədbir keçirmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov açaraq 15 iyun tarixinin müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi daxil olmasından, bu qurtuluşla dövlətçiliyimizin gələcək mövcudluğunun təməl daşının qoyulmasından danışmışdır.
Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası ölkəmizi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, Azərbaycan Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən qurtarmışdır.
Bildirilmişdir ki, 1993-cü ilin iyununda Azərbaycan olum və ya ölüm dilemması qarşısında qalmışdı. Məhz o zaman dahi rəhbər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə Naxçıvandan başlamış qurtuluş mübarizəsi özünün yeni - həlledici mərhələsinə qədəm qoymuşdur.
Özünün vaxtilə qurub-yaratdığı Azərbaycanda ikinci dəfə rəhbərliyə gələn müdrik siyasətçi vətəndaş müharibəsi təhlükəsini aradan qaldırmışdır.
Tədbirdə YAP Culfa şəhər 3 nömrəli tam orta məktəbinin ərazi ilk təşkilatının sədri Kamran Cəfərov, rayon təşkilatının Qadınlar Şurasının üzvü, Saltaq kənd ərazi ilk təşkilatının sədri Sevinc Mustafayeva, rayon təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin üzvü, Yaycı kənd 1 nömrəli tam orta məktəbin müəllimi Əli İbrahimov, Dizə kənd tam orta məktəbinin ərazi ilk təşkilatının sədri Ədalət Əhmədov çıxış etmişlər.
Sonra Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilmiş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilmişdir.
Tədbirdə Milli Qurtuluş Gününə həsr olunmuş slayd nümayiş etdirilmişdir.