SİYASƏT
Ulyanovskda Azərbaycan bazar günü məktəbinin ilk buraxılışı olmuşdur
Bakı, 16 iyun (AZƏRTAC). 2008-ci ildə 78 nömrəli orta məktəbin müdiriyyətinin “Ümumrusiya Azərbaycan Konqresi” ictimai təşkilatının Ulyanovsk regional bölməsi ilə sıx əməkdaşlığı sayəsində məktəbdə Azərbaycan tarixi və mədəniyyəti muzeyi yaradılmışdır. Hazırda Ulyanovska gələn hörmətli qonaqlar məmnuniyyətlə buraya baş çəkirlər. Heydər Əliyev Fondu sayəsində 2010-cu ildə məktəbin binası əsaslı surətdə təmir edilmişdir: muzey və məktəb tamamilə dəyişmişdir. Burada hər həftə istirahət günlərində bazar günü məktəbi işləyir: azərbaycanlı uşaqlar üçün məşğələlər keçirilir.
Keçən bazar günü Ulyanovskda Azərbaycan bazar günü məktəbinin ilk buraxılışı olmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbirin təntənəli hissəsi ümummilli lider Heydər Əliyevin abidəsi önünə çiçək dəstələrinin qoyulması ilə başlanmışdır.
ÜAK Ulyanovsk bölməsinin sədri İslam Hüseynov və sədrin müavini Qənbər Cahangirov ana dilini, Azərbaycan mədəniyyətini və ənənələrini öyrənmək istədiklərinə görə məktəblilərə səmimi minnətdarlığını bildirmişdir. İ.Hüseynov demişdir: “Etnoqrafik maarifləndirmənin gənc nəsil üçün tərbiyəvi və dünyagörüşü baxımından çox böyük əhəmiyyəti vardır. Bazar günü məktəbinə gələnədək az uşaq azərbaycanca başa düşür və danışırdı. Məhz burada onlar nəinki öz vətənlərinin tarixi ilə tanış olmuş, həm də başqa xalqlara aid maraqlı faktları, məsələn, müxtəlif ölkələrin bayraqlarındakı rənglərin mənasını öyrənmişlər”.
Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülnarə Mustafayeva qeyd etmişdir ki, tədris “Ana dili - yeni dünya” proqramı üzrə keçirilir və məktəblilər öz xalqının tarixini, ana dilini böyük məmnuniyyətlə öyrənir, xalqın məişəti və ənənələri barədə məlumat alır, xalq mədəniyyəti ilə tanış olurlar. G.Mustafayeva sözünə əlavə edərək demişdir: “Bu dərslər sayəsində onlar Azərbaycan hərfləri ilə tanış olmuş, ana dilində sözlərin yazılışını və nəhayət, Azərbaycan dilində oxumağı öyrənmişlər”.
Çıxış edən uşaqlar bildirmişlər ki, bazar günü məktəbində tədris onların evdə valideynləri ilə və azərbaycanlı dostları ilə söhbət etməsinə kömək göstərir.
Bu məktəbin üstünlüklərindən biri odur ki, dərslərə uşaqlarla yanaşı onların təzə şeylər öyrənməyə can atan valideynləri də gəlirlər.
Təntənəli hissəyə məktəblilərin hazırladıqları əyləncəli proqram daxil edilmişdi.
Uşaqların Azərbaycan və onun ənənələri haqqında, xalqlar arasında qarşılıqlı anlaşma haqqında ana dilində həvəslə söylədikləri şeirlər iştirakçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Tədbirin sonunda məzunlara Azərbaycan bazar günü məktəbinin diplomları təqdim edilmişdir.