CƏMİYYƏT
Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib
Bakı, 19 mart, AZƏRTAC
Buxara yəhudilərindən ibarət nümayəndə heyəti Azərbaycanın Quba rayonunun “Krasnaya Sloboda” qəsəbəsinə (Qırmızı qəsəbəyə) səfər edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvləri qəsəbənin əsas gəzməli və görməli yerləri ilə tanış olublar. Onların səyahətləri yəhudilərin ritual hamamı olan mikvanın ziyarət edilməsi ilə başlayıb. Daha sonra onlar bu nadir icmanın tarixinin bənzərsiz saxlancı hesab edilən Dağ Yəhudiləri Muzeyində olublar.
Nümayəndə heyətinin üzvləri Qubada yəhudilərin məskunlaşması ilə bağlı geniş biliklərini bölüşən muzeyin direktor müavini Pesax İsakovla görüşüblər. O, həm də Dağ Yəhudiləri Muzeyinin yaradılması prosesinə toxunub, onun formalaşmasına kömək edənlərin səylərini və töhfələrini xüsusi vurğulayıb. Pesax İsakov muzeyin təkcə mədəniyyət mərkəzi deyil, həm də dağ yəhudilərinin irsinin qorunmasının simvolu olduğunu bildirib.
Sinaqoqun ziyarət edilməsi də mühüm əhəmiyyət kəsb edən məqamlardan birinə çevrilib. Nümayəndə heyətinin üzvləri, həmçinin regional miqyasda mühüm tarixi abidə hesab olunan Tağlı körpüyə də baş çəkiblər.
Muzeyə səfər təəssüratlarını “Meros” Buxara Yəhudiləri Muzeyinin icraçı direktoru Aron Aronov paylaşıb. O, öz gördüklərinə heyranlığını bildirib və muzeyin dağ yəhudilərinin tarixini və mədəniyyətini daha dərindən anlamağa imkan verən bir yer kimi böyük əhəmiyyətə malik olduğunu qeyd edib.