SİYASƏT
Ümummilli lider Heydər Əliyev Azərbaycanın xilaskarıdır
İsmayıllı, 13 iyun (AZƏRTAC). İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Heydər Əliyev idarəetmə məktəbinin iyunun 13-də keçirilən növbəti məşğələsi özündə müasir Azərbaycan tarixinin şanlı səhifəsini yaşadan Milli Qurtuluş Gününə həsr edilmişdir.
AZƏRTAC xəbər verir ki, dinləyicilər əvvəlcə böyük xilaskar Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət etmiş, önünə çiçəklər qoymuş, bu dahi insanın xatirəsinə öz ehtiramlarını bildirmişlər.
Sonra iştirakçılar Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş sənədli filmə baxmışlar.
Rayon prokuroru Rahib Seyidov dinləyicilər qarşısında “Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın xilaskarıdır” mövzusunda məruzə etmiş, rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının aparat rəhbəri Anar Nəbiyev, 5 nömrəli tam orta məktəbin müəllimi Elnarə Muradəliyeva, Cülyan kənd tam orta məktəbinin müəllimi İxtiyar Şabanov çıxış etmişlər.
Natiqlər ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə gəlməsinin ölkəmizə bəxş etdiyi böyük qurtuluşdan danışmışlar. Bildirilmişdir ki, məhz bu qayıdış XX əsrdə ikinci dəfə itirilməkdə olan müstəqilliyimizi qoruyub saxlamış və əbədiləşdirmişdir.
Məruzə və çıxışlarda, habelə Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, müstəqil Azərbaycan dövlətinin sürətli, dinamik inkişafından, qazanılan böyük nailiyyətlərdən bəhs olunmuşdur.