İDMAN
Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş futzal yarışının bağlanış mərasimi olub
Bakı, 4 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə turnirə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında baş tutan üçüncü yer uğrunda oyunda Bakı Dövlət Universiteti Gəncə Dövlət Universitetinin komandasına qalib gəlib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandasını məğlub edərək çempionatın qalibi olub.
Oyunlardan sonra yarışın bağlanış mərasimi keçirilib.
Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin sədr müavini Adil Əliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Azərbaycan Həmkarlar İttifaqı Komitəsinin, AFFA-nın rəsmi şəxsləri, veteran futbolçular, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bağlanış mərasimində çıxış edən elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov Ulu Öndər Heydər Əliyevin idmanın inkişafındakı müstəsna rolundan, ölkəmizdə idman sahəsinə olan dövlət qayğısından danışıb. F.Qurbanov müasir dövrdə dövlətimizin başçısı İlham Əliyevin idmana olan diqqəti sayəsində respublikamızın artıq idman ölkəsi kimi dünyada layiqli yerini tutmasını qeyd edib. Bu yarışın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzalın təbliğində, perspektivli idmançıların aşkar edilməsində xüsusi rol oynadığını, idmanın yetişməkdə olan gənc nəslin sağlamlığının təmin edilməsində, onların vətənpərvərlik hisslərinin tərbiyəsində xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Ümummilli Liderin qayğısı sayəsində idman sahəsində görülən işlərdən, əldə olunan nailiyyətlərdən danışıb. O, gənclər və idman siyasətinin Azərbaycan dövlətinin prioritetlərindən biri olduğunu vurğulayaraq gənclərimizin fiziki cəhətdən sağlam, vətənpərvər ruhda yetişməsində idmanın, bədən tərbiyəsinin kütləviliyinin rolunu xüsusi qeyd edib. A.Əliyev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dövlətimizi şanlı qələbəyə aparan daxili və xarici siyasəti barədə məlumat verib, torpaqlarımızın azad olunmasında gənclərin rolunu xüsusi vurğulayıb.
Çıxışlardan sonra ilk üç yeri tutan komandalar diplom, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Turnirdə fərqlənən üç tələbə futbolçu “Ən yaxşı qapıçı”, “Ən məhsuldar oyunçu”, “Ən gənc oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunub.
Qeyd edək ki, futzal yarışı Elm və Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.
Yarışda 19-u Bakı, 13-ü regiondan olmaqla ümumilikdə 32 ali və orta ixtisas təhsili müəssisələrinin komandaları mübarizə aparıb, 500-ə yaxın tələbə iştirak edib.
Yarışlar yarımqrup oyunları, pley-off, yarımfinal və final mərhələləri üzrə təşkil edilib.
Çempionatın keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin irsinin aşılanması, yerli ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal idman növünün kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsidir. Bununla yanaşı, ölkənin yeniyetmə, gənclərdən ibarət yığma komandalarına perspektivli tələbələrin seçiminin təminatı, ən güclü futzal komandasının müəyyən edilməsi, beynəlxalq turnirlərdə iştirak edəcək komandaların təyini və tələbələr arasında dostluq əlaqələrinin yaradılması da məqsədlər sırasındadır.