REGİONLAR
Ümumrespublika "Xəmsə" Festivalının Aran regionu üzrə VIII turu təşkil olunub
Mingəçevir, 24 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Mingəçevir şəhərində Ümumrespublika "Xəmsə" Festivalının növbəti mərhələsi keçirilib. Festival iştirakçıları əvvəlcə Mingəçevir şəhərindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, YAP Mingəçevir şəhər təşkilatı sədrinin səlahiyyətlərini icra edən Cavanşir Yusubov "Nizami Gəncəvi ili" çərçivəsində YAP Gənclər Birliyi tərəfindən keçirilən Ümumrespublika "Xəmsə" Festivalının xüsusilə fərqləndiyini vurğulayıb. Qeyd edib ki, bu layihədə gənclərimiz ölkəmizin tarixi, ulu öndər Heydər Əliyevin irsi və Prezident İlham Əliyevin ölkəmizin müasir dövrdə inkişaf yolu ilə irəliləməsindəki müdrik siyasəti və misilsiz fəaliyyəti haqqında öz biliklərini digər gənclərlə müzakirə apararaq sınayır və təkmilləşdirirlər.
Sonra YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev Aran bölgəsindən olan gənclərə layihədə fəal iştirak etdiklərinə görə təşəkkür edib. Ümumrespublika "Xəmsə" Festivalının ölkə gənclərinin pandemiya dövründə asudə vaxtlarının səmərəli təşkili istiqamətində önəmli rol oynadığını qeyd edən F.Nəbiyev, YAP Gənclər Birliyi tərəfindən keçirilən layihələrin və tədbirlərin əsas meyarının keyfiyyət və effektivlik olduğunu bildirib. Bu baxımdan layihə həm də YAP Gənclər Birliyinin ümumrespublika səviyyəsində intellektli gənclərlə əlaqələrinin genişlənərək, gələcəkdə onların potensialından səmərəli şəkildə yararlanmağa geniş imkan yaradır.
Yevlax, Bərdə, Tərtər, Mingəçevir, Goranboy, Laçın, Xocalı, Ağdam və Ağcabədi bölgələrini təmsil edən bitərəf və YAP üzvü gənclərdən formalaşmış komandaların iştirakı ilə keçirilən VIII regional turun nəticəsində Mingəçevir komandası final mərhələsinə vəsiqə qazanıb.